15 Sentyabr Azərbaycan xalqının dövlətçilik tarixinin şanlı səhifələrindən biridir.

15 Sentyabr Azərbaycan xalqının dövlətçilik tarixinin şanlı səhifələrindən biridir. 1918-ci ilin bu günü Nuru paşanın komandanlığ etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan milli qüvvələrinin fədakarlığı nəticəsində Bakı şəhəri erməni – daşnak və bolşevik silahlı dəstələrinin qanlı hakimiyyətindən xilas edildi. Məhz bu səbəbdən, Bakı şəhərinin azad edilməsi türk-Azərbaycan qardaşlığının, birgə iradənin ən parlaq nümunələrindən biri kimi qiymətləndirilir.
Həmin dövrdə Bakı şəhəri bu gün olduğu kimi Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatının beyin mərkəzi idi. Bölgədə maraqları olan istənilən qüvvənin gözü Bakıya dikilmişdi. Məhz bu səbəbdən 1918-ci ildə şəhərdə həm “Sentro kaspi” adlı ingilis hökuməti, həmdə Bolşevik-daşnak hakimiyyəti höküm sürmüşdü. Təbii ki, bolşevik-daşnak qüvvələri qısa müddət ərzində öz hakimiyyətlərinin qanlı mahiyyətini göstərməyə başladılar.
Bakı Xalq Komissarları Sovetinin rəhbəri olmuş Stefan Şaumuyanın tabeliyində olan erməni silahlı dəstələri Bakı və ətraf ərazilərdə minlərlə azərbaycanlını qətlə yetirdi. Bakı qırğınları milli kimlik əsas götürülməklə həyata keçirilən planlı soyqırım siyasəti idi və bu çirkin siyasətin məntiqində rus-erməni şovnizimi dayanırdı. Heç kimə sirr deyil ki, Sovet dövründə əli minlərlə soydaşımızın qanına batmış Stefan Şaumuyan kimi canilər xalqa qəhraman olaraq tanıdılmış və həmin qanlı faciələr unutudutlmağa çalışılmışdır. Lakin xalqımız heç vaxt öz haqqını qorumaq əzmindən dönmədi və milli dövlətçiliyimizi xilas edən qəhramların fədakarlığı daim uca tutuldu.
Müasir dövrdə də bu tarixi qələbə bizə yol göstərir. Xalqımızın birliyi, həmrəyliyi və Ali Baş Komandana olan bağlılığı suverenliyimizi daha da möhkəmləndirir. Məhz bu səbəbdən 15 sentyabr hər daim milli iradənin, qardaşlığın və həmrəyliyin simvolu olaraq xatırlanacaqdır.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
15 Sentyabr 2025-ci il.
